COVID-19 səbəbindən ağır xəstələnmə riski altında olan insanlar
COVID-19-a yüksək yoluxma riskiniz varsa, aşağıdakıları etməlisiniz:
- Xüsusi ehtiyac olmadıqda evinizi tərk etməkdən çəkinin.
- Özünüzlə başqaları arasında məsafə saxlamaq üçün gündəlik ehtiyat tədbirləri görün.
- Kifayət qədər ərzaq və qeyri-ərzaq mallarını tədarük edin və ya müvafiq sosial xidmətlərə (telefon 142) və ya ictimai və könüllülərin təşkilatlarına (telefon 150) müraciət edin ki, evdən çıxmayasınız.
- Ciddi səbəbə görə evdən çıxmaq məcburiyyətində qaldıqda isə xəstə olanlardan uzaq durun, yaxın təmasları məhdudlaşdırın, digər insanlarla ən azı 2 metr məsafə saxlayın və əllərinizi tez-tez yuyun.
- Hətta tanıdığınız şəxslərdən belə ən azı 2 metr uzaq durun.
- Təyyarə, ictimai nəqliyyat və digər növ səyahətlərdən və vacib olmayan səfərlərdən çəkinin.
- Yaşadığınız ərazidə COVID-19 yayılması zamanı, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalın.
Kimlərdə xəstələnmə riski daha yüksəkdir?
COVID-19-un ilk başlandığı Çindən verilən ilkin məlumatlara görə bəzi insanların bu xəstəliyə yoluxma riski yüksəkdir:
- Yaşlı insanlar və ahıllar
- Aşağıdakı xroniki xəstəlikləri olan insanlar:
- Ürək xəstəliyi
- Diabet
- Ağciyər xəstəliyi
- Əhali arasında COVID-19 xəstəliyinə yoluxma baş verərsə, bu uzun müddət davam edə bilər. Xəstəliyin yayılmasının nə dərəcədə geniş olduğundan asılı olaraq, səhiyyə işçiləri insanların COVID-19-a yoluxma riskini azaltmaq məqsədilə müvafiq qabaqlayıcı tədbirlər tövsiyə edə bilərlər. Bu hərəkətlər yayılmanı ləngidə və xəstəliyin təsirini azalda bilər.
Yaşınız çoxdursa və ya uzun müddət əziyyət çəkdiyiniz xroniki xəstəliyiniz olduqda, COVID-19 virusuna yoluxma nəticəsində xəstəliyin sizdə gedişatı ağır ola bilər. Yoluxma riskini azaltmaq üçün müvafiq önləyici tədbirlər görməyiniz çox vacibdir. Ən başlıcası isə vacib olmadıqca evdən çıxmamaq, digər şəxslərlə təmasları (alternativ kimi whatsapp, skype, mobil rabitə, poçt xidmətləri və e-poçtdan istifadə etmək olar), qonaq qəbulu və qonaq getməyi dayandırmaq lazımdır.
Əgər sizdə ciddi xəstəlik riski varsa, COVID-19-la bağlı yüksək xəstəlik riski olan insanlar hətta xəstəlik yüngül olsa belə, həkimə müraciət etməlidirlər. Ürək, ağciyər və ya diabet kimi xroniki xəstəlikləri olanlar və yaşlılar COVID-19 xəstəliyi törətdiyi ağır fəsadların inkişafına görə daha yüksək risk altındadırlar.
Əgər özünüzü çox pis hiss edirsinizsə, yardım üçün təcili həkimə müraciət edin. Əgər sizdə COVID-19-a dair ciddi xəbərdaredici əlamətlər inkişaf edirsə, təcili həkimə müraciət edin. Ciddi xəbərdaredici əlamətlər aşağıdakılardır*:
- Çətinləşmiş tənəffüs və ya təngnəfəslik
- Sinədə daimi ağrı və təzyiq
- Yeni əmələ gəlmiş keyləşmə, təşviş və ya yuxululuq (yuxudan oyana bilməmək)
- Üz və ya dodaqların göyərməsi
- İshal
- Qanlı bəlğəm
* Bu siyahı bütün əlamətləri əhatə etmir. İstənilən digər ciddi əlamətlərlə bağlı lütfən, həkiminizlə məsləhət edin.
COVID-19-a qarşı indidən hazır olun: lazımi dərmanlar, ərzaq və qeyri-ərzaq mallarının ehtiyatını yaradın
- Yaşadığınız ərazidə COVID-19 xəstəliyi yayılarsa və uzun müddət evdə qalmağınız lazım olarsa, əvvəlcədən həkiminizlə əlaqə saxlayın və hansı əlavə zəruri dərmanların əldə edilməsi barədə soruşun.
- Əlavə dərman əldə edə bilmirsinizsə, internet mağazalardan sifariş edin və ya evə çatdırma xidmətlərindən faydalanın.
- Qızdırma (yüksək hərarət) və digər simptomları müalicə etmək üçün yetərincə dərman və tibbi ləvazimatların olduğuna əmin olun (salfetlər və s.). Əksər insanlar ev şəraitində qrip və soyuqdəymə kimi xəstəliklərdə olduğu kimi, COVID-19 xəstəliyini müalicə edə biləcəklər.
- Bir müddət evdə qalmağa hazır olmağınız üçün kifayət qədər məişət əşyaları və ərzaq məhsulları əldə edin.
Gündəlik ehtiyat tədbirləri görün
- Xəstə insanlarla yaxın təmasdan qaçın
- Gündəlik profilaktik tədbirlər görün
- Əllərinizi tez-tez yuyun
- Xüsusən də öskürdükdən, asqırdıqdan və ya ictimai yerdə olduqdan sonra əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun.
- Sabun və su olmadıqda, tərkibində ən azı 70% spirt olan əl üçün təmizləyici (dezinfeksiyaedici) vasitədən istifadə edin.
- İctimai yerlərdə ən çox toxunulan səthlərə mümkün qədər toxunmayın (lift düymələri, qapı tutacaqları (qulpları), sürahilər, insanlarla əl-ələ vermək və s.). Nəyəsə toxunmalısınızsa, əlinizi və ya barmağınızı köynəyin qolu ilə örtün.
- İctimai yerlərdə səthlərə toxunduqdan sonra əllərinizi yuyun.
- Üzünüzə, burnunuza, gözlərinizə və s. toxunmaqdan çəkinin.
- Mikrobları yox etmək üçün evinizi təmizləyin və dezinfeksiya edin, tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin (məsələn: masalar, qapı tutacaqları, elektrik açarı, qulplar, yazı masaları, tualet, kranlar və mobil telefonlar)
- İnsan kütləsi olan, xüsusilə pis havalandırılan yerlərdə durmayın. Qapalı, pis havalandırılan yerlərdə xəstə olan insanlar varsa, COVID-19 kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslara məruz qalma riski artmış olur.
- Təyyarə səfərləri, gəmi kruizləri də daxil olmaqla bütün vacib olmayan ölkədaxili və ölkəxarici səyahətləri dayandırın.
- Əgər COVID-19 əhali arasında yayılıbsa, bu yeni virusa məruz qalma riskini daha da azaltmaq məqsədilə özünüzlə digər insanlar arasında məsafə qoymaq üçün əlavə tədbirlər görün.
- Mümkün olduğu qədər evdə qalın.
- Ailə üzvləri, sosial xidmətlər və ya ticarət şəbəkələri tərəfindən ərzaq və qeyri-ərzaq məhsullarının evinizə çatdırılmasını təmin etməyə çalışın.
Xəstələnmə halı üçün müvafiq plana malik olun:
- COVID-19 əlamətləri haqqında məlumat almaq və sağlamlıq durumunuzu izləmək üçün həkiminizlə məsləhətləşin.
- Telefon və ya e-poçt vasitəsi ilə digər şəxslərlə əlaqə saxlayın. Xəstə olduğunuz zaman dostlarınızdan, ailənizdən, qonşularınızdan, səhiyyə işçilərindən və s. kömək istəyə bilərsiniz.
- Sizə kömək edəcək şəxs xəstələnsə, onu əvəz edə biləcək şəxsi müəyyənləşdirin.
Xəstələndikdə nə etməli?
- Evdə qalın və həkiminizə zəng edərək simptomlarınız barədə ona bildirin. Ona COVID-19-a yoluxduğunuzu və ya yoluxa biləcəyinizi söyləyin. Bu, onlara sizə qayğı göstərməyə və digər insanları yoluxmaqdan qorumağa kömək edəcəkdir. Xəstəxanaya yerləşdiriləcək dərəcədə xəstə deyilsinizsə, evdə müalicə oluna bilərsiniz.
Ailə dəstəyi və qayğı
- Yaxın (doğma) insanın hansı dərmanları qəbul etdiyini öyrənin və ehtiyat üçün həmin dərmanlardan əlavə alın.
- Qida məhsulları və tibbi ləvazimatlara olan ehtiyacı müəyyən edin və tükənməməsi üçün əlavə əldə edin (məs., oksigen balonu, sidik qaçırma halları zamanı istifadə edilən bezlər, dializ üçün ləvazimatlar, xronik yaralara qayğı üzrə məlhəmlər və s.).
- Mağazaya gediş-gəlişi minimuma endirmək üçün tez xarab olmayan ərzaq məhsullarının ehtiyatını evdə yaratmağa çalışın.
- Yaxın (doğma) insana qulluq edirsinizsə, vəziyyəti nəzarət altında saxlayın, xəstəliyin yayılmasının qarşısını almaq üçün müvafiq təlimatlara (evdə karantin) riayət edin, tibb işçiləri ilə tez-tez məsləhətləşin.